Artıq 2 ildir, istifadəyə verilmiş tətbiq vasitəsilə vətəndaşlara və fərdi sahibkarlara SİMA yeni nəsil rəqəmsal imzanın üstünlükləri təqdim olunur. Biometrik həllərə, bulud texnologiyasına və süni intellektə əsaslanan, hüquqi olaraq əl imzasına bərabər sayılan “SİMA İmza” ilə hazırda 40-a yaxın qurum öz xidmətlərini rəqəmsallaşdırıb. 80-dən artıq dövlət elektron portalına giriş təmin edilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən 100-dən çox qurumla isə inteqrasiyalar davam etdirilir.
“SİMA İmza” elektron imza əldə etmək üçün xidmət mərkəzlərindən asılılığa son qoyub. Dünyanın istənilən yerində, istənilən vaxt hər bir Azərbaycan vətəndaşı (və ya fərdi sahibkar, Azərbaycanda yaşamaq hüququ olan əcnəbi) “SİMA İmza” sahibi ola bilər. SİMA yeni nəsil rəqəmsal imzanı əldə etmək üçün “SİMA İmza” tətbiqini yükləyib qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyat yalnız şəxsiyyət vəsiqəsi ilə 1 dəqiqə ərzində yekunlaşır.
İstənilən sistemə inteqrasiya oluna bilən “SİMA İmza” qurumlar üçün limitsiz sayda imzalama imkanı qazandırır. Bununla həm xərclərə, həm də vaxta qənaət edilir. Fiziki müraciətlərin qəbulu üçün əlavə işçi və kağız sənədlər saxlamağa, onları arxivləşdirməyə ehtiyac qalmır. Uzun və yorucu növbə prosesləri aradan qalxır. Bu, həm vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verir.
İstifadəçilər “Play Store” və ya “App Store” platformaları üzərindən “SİMA İmza” mobil tətbiqini yükləyə bilərlər. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.