
Gələcəkdə xammalın çoxfunksionallığı və “yaşıl enerji”nin inteqrasiyası yeni neft-kimya zavodlarının texnoloji inkişafını müəyyən edən əsas amillər olacaq.
Bunu SOCAR Trading şirkətinin məsləhətçisi Mevlüt Çetinkaya Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu zamanı bildirib.
Onun sözlərinə görə, əsas istiqamətlərdən biri xammal bazasından istifadə imkanlarının genişləndirilməsidir. Çetinkaya qeyd edib ki, artıq yalnız bir növ xammala əsaslanan istehsal modellərindən uzaqlaşılır və müxtəlif resurslardan istifadə imkanı yaradan texnologiyalar inkişaf etdirilir. Bu yanaşma istehsal proseslərini daha çevik edir və bazardakı dəyişikliklərə davamlılığı artırır.
Məsləhətçi ikinci əsas istiqamət kimi bərpa olunan enerji mənbələrinin neft-kimya proseslərinə inteqrasiyasını göstərib. Onun sözlərinə görə, “yaşıl enerji”nin istehsal zəncirlərində maksimum tətbiqi üzərində işlər aparılır, lakin bu texnologiyaların tam kommersiyalaşdırılması üçün müəyyən zaman tələb olunur.
Eyni zamanda, o vurğulayıb ki, xam neftin birbaşa kimyəvi məhsullara emalı (S2C) texnologiyaları və hidrogen energetikası da prioritet istiqamətlər sırasındadır. Bu sahələr neft emalı ilə neft-kimya sənayesinin daha sıx inteqrasiyasını təmin edən əsas elementlər kimi qiymətləndirilir.
Çetinkayanın sözlərinə görə, hazırda iri beynəlxalq şirkətlər bu texnoloji həllərin 2030-cu ilə qədər kommersiyalaşdırılması istiqamətində aktiv araşdırmalar aparır.




