
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında baş verən hücumlar nəticəsində zərər çəkən gəmilərə və yüklərə görə kompensasiyaların ABŞ-da dondurulmuş İran aktivləri hesabına ödəniləcəyini açıqlayıb.
BBN.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasındakı paylaşımında məlumat verib.
ABŞ Prezidenti bildirib ki, növbəti göstəriş verilənədək gəmilərə, yüklərə və digər məhsullara dəyən bütün zərərlər ABŞ-ın nəzarətində olan İran vəsaitləri hesabına qarşılanacaq.
“Bundan sonrakı xəbərdarlığa qədər gəmilərə, yüklərə və ya hər hansı məhsula dəyən bütün zərərlər ABŞ-ın nəzarətində saxladığı İran pulları ilə ödəniləcək. Bu, atılmalı olan ədalətli və bərabər addımdır”, – deyə Tramp qeyd edib.
Məlumata görə, ABŞ daha əvvəl İranın bəzi aktivlərinin geri qaytarılması ilə bağlı razılığa gəlib. Bununla belə, hazırda ABŞ ərazisində ümumi dəyəri təxminən 2 milyard dollar olan İran aktivlərinin dondurulduğu bildirilir.
İranın müxtəlif ölkələrdə dondurulmuş aktivlərinin ümumi həcmi ilə bağlı isə rəsmi məlumat açıqlanmayıb. Müxtəlif hesablamalara görə, bu aktivlərin ümumi dəyəri 27 milyard dollardan 100 milyard dollardan çox təşkil edə bilər.




