Home » Taleh Kazımov: Manatın məzənnəsinin dəyişdirilməsi üçün fundamental səbəblər yoxdur

Taleh Kazımov: Manatın məzənnəsinin dəyişdirilməsi üçün fundamental səbəblər yoxdur

by Zeyneb
0 comments 0 views 3 minutes read

Hazırda manatın məzənnəsinin dəyişdirilməsini zəruri edən fundamental iqtisadi səbəblər mövcud deyil və Azərbaycanda sabit məzənnə siyasətinin davam etdirilməsi planlaşdırılır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

AMB sədrinin sözlərinə görə, son 18 ay ərzində valyuta bazarında təklif tələbi üstələyib və bazarda xarici valyuta artıqlığı yaranıb.

2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın valyuta hərraclarında 750,7 milyon ABŞ dolları satılıb. Müqayisə üçün, bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk yarısında isə 3,5 milyard ABŞ dolları təşkil edib.

Satışların azalması fonunda Mərkəzi Bank cari ilin ilk altı ayında 1,5 milyard ABŞ dolları həcmində alışyönlü müdaxilə həyata keçirib. Taleh Kazımov bildirib ki, bunun məqsədi manatın həddindən artıq möhkəmlənməsinin qarşısını almaq və məzənnəni 1 ABŞ dolları = 1,70 manat səviyyəsində saxlamaq olub.

Manata inam güclənib

AMB sədri bildirib ki, son illərdə əhalinin milli valyutaya etimadı əhəmiyyətli dərəcədə artıb.

Onun sözlərinə görə, 2021-ci ildə rezident fiziki şəxslərin əmanətlərinin 40%-i xarici valyutada olduğu halda, hazırda bu göstərici 25%-ə enib. Son dörd ildə manatla yerləşdirilən əmanətlərin həcmi isə 6,3 milyard manat artaraq 12,5 milyard manata çatıb.

Taleh Kazımov qeyd edib ki, dollarlaşmanın azalması milli valyutaya inamın gücləndiyini və xarici valyutaya tələbatın zəiflədiyini göstərir.

Neftin 45 dollarlıq qiymətində də cari əməliyyatlar balansı profisitli qalır

AMB sədrinin sözlərinə görə, manatın sabitliyinə təsir edən əsas amillərdən biri ölkənin cari əməliyyatlar balansıdır.

Azərbaycanın cari əməliyyatlar balansının son illərdə profisitli olduğunu bildirən Taleh Kazımov bu tendensiyanın gələn il də davam edəcəyinin gözlənildiyini qeyd edib.

Onun sözlərinə görə, neftin orta illik qiyməti 45 ABŞ dolları olduğu halda belə Azərbaycanın cari əməliyyatlar balansı müsbət qalır. Neftin qiymətində hər 10 ABŞ dollarlıq dəyişiklik isə cari əməliyyatlar balansına təxminən 1,2 milyard ABŞ dolları təsir göstərir.

Kazımov əlavə edib ki, hazırda AMB-nin valyuta ehtiyatları 13,2 milyard ABŞ dolları, ölkənin ümumi strateji valyuta ehtiyatları isə 85,8 milyard ABŞ dolları təşkil edir.

Neftin qısamüddətli ucuzlaşması ciddi risk hesab edilmir

Taleh Kazımov bildirib ki, neftin qiymətində qısamüddətli dəyişikliklərə həddindən artıq reaksiya verməyə ehtiyac yoxdur və əsas göstərici neftin orta illik qiymətidir.

O xatırladıb ki, son 20 ildə neftin ən aşağı orta illik qiyməti 2020-ci ildə qeydə alınıb və 42 ABŞ dolları təşkil edib.

AMB sədrinin sözlərinə görə, hazırkı hasilat səviyyəsində neftin orta illik qiymətinin 45 ABŞ dolları olması belə ölkənin xarici sektorunda profisitin qorunması üçün kifayətdir.

Büdcə üçün ciddi risk gözlənilmir

2026-cı ilin dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Taleh Kazımov bildirib ki, neftin qiymətində hər 10 ABŞ dollarlıq dəyişiklik icmal büdcəyə təxminən 1,4 milyard manat təsir edir.

Onun sözlərinə görə, zərurət yaranarsa, bəzi investisiya layihələrinin və əsaslı xərclərin növbəti illərə keçirilməsi ilə mümkün mənfi təsirləri kompensasiya etmək mümkündür.

AMB devalvasiya iddialarına münasibət bildirib

Taleh Kazımov sosial şəbəkələrdə və müxtəlif platformalarda manatın mümkün devalvasiyası ilə bağlı yayılan iddialara da münasibət bildirib.

AMB sədri qeyd edib ki, bəzi hallarda fundamental iqtisadi əsaslar olmadan məzənnənin dəyişəcəyi barədə fikirlər yayılır və bu, əhali arasında əsassız narahatlıq yaradır.

Onun sözlərinə görə, belə xəbərlərin təsiri ilə vətəndaşlar xarici valyuta almağa yönəlir, məzənnə dəyişmədikdə isə həmin vəsaiti yenidən satırlar.

Sabit məzənnə siyasəti davam etdiriləcək

AMB sədri vurğulayıb ki, hazırda Azərbaycanın makroiqtisadi göstəricilərində manatın məzənnəsinin dəyişdirilməsini tələb edən fundamental problemlər mövcud deyil.

Taleh Kazımov bildirib ki, Mərkəzi Bankın əsas məqsədi qiymət və makroiqtisadi sabitliyin qorunmasıdır. Onun sözlərinə görə, mövcud sabit məzənnə rejimi bu məqsədlərə uyğundur və Mərkəzi Bank növbəti illərdə də bu siyasəti davam etdirməyi planlaşdırır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.