
Azərbaycanın ən böyük banklarından biri olan ABB coğrafi genişlənmə strategiyası çərçivəsində yeni bazara çıxmağı hədəfləyir.
Bu barədə Marja.az-a müsahibəsində bankın İdarə Heyətinin sədri Abbas İbrahimov məlumat verib. Onun sözlərinə görə, ABB 2026–2028-ci illər üzrə strateji inkişaf planında əsas prioritetlərdən biri kimi Özbəkistan bazarına daxil olmağı nəzərdə tutur.
A.İbrahimov bildirib ki, bu qərar Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın güclənməsi, eləcə də həmin ölkədə formalaşan əlverişli biznes mühiti və sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlıdır. O qeyd edib ki, təxminən 40 milyona yaxın əhalisi olan Özbəkistanda rəqəmsal bank xidmətlərinə maraq göstərən gənc nəsil üstünlük təşkil edir.
Bank rəhbəri vurğulayıb ki, bu bazara daxil olmaq ABB-nin son illərdə tətbiq etdiyi korporativ idarəetmə, rəqəmsallaşma və süni intellekt əsaslı innovasiyaların geniş miqyasda tətbiqinə şərait yaradacaq. Bu isə həm ABB Maliyyə Qrupunun dəyərinin artmasına, həm də bankın regional və beynəlxalq imicinin möhkəmlənməsinə töhfə verəcək.
Onun sözlərinə görə, ABB Özbəkistanda fəaliyyət göstərən özəl banklardan birində nəzarət səhm paketinin alınmasını nəzərdən keçirir. Səhmdarların müsbət qərarı olacağı təqdirdə, qanunvericiliyə uyğun hüquqi prosedurlara başlanılacaq.
A.İbrahimov əlavə edib ki, bank strategiyasına uyğun olaraq coğrafi genişlənmə məqsədilə digər bazarlar üzrə araşdırmalar da davam etdiriləcək.




