
ABŞ və İran arasında davam edən gərginliyi sona çatdıra biləcək sülh sazişi ilə bağlı ortaya çıxan nikbin xəbərlər dünya maliyyə sistemində mühüm dəyişikliklərə səbəb olub. Tərəflərin 60 günlük atəşkəs rejiminin uzadılması və strateji əhəmiyyətə malik Hormüz boğazının dünya gəmiçiliyi üçün yenidən açılması istiqamətində apardıqları danışıqlar qlobal bazarlarda “sülh baharı” kimi qiymətləndirilir. Razılaşmanın ilkin şərtlərinə əsasən, Hormüz boğazının gəmilərin keçidi üçün rüsumsuz açılması və İranın minaları təmizləyərək gəmiçilik üçün təhlükəsiz mühit yaratması nəzərdə tutulur. Bunun müqabilində ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanı yumşaltması və neft ixracı ilə bağlı sanksiyalara müəyyən güzəştlər etməsi planlaşdırılır. Həmçinin, bu 60 günlük dövr ərzində tərəflərin nüvə proqramının məhdudlaşdırılması və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina ilə bağlı genişmiqyaslı diplomatik danışıqlara başlaması gözlənilir.
Bu inkişaflar maliyyə bazarlarında dərhal öz əksini tapıb. Xüsusilə, müharibə riski ilə bağlı “etibarlı liman” kimi dollara olan yüksək tələb azalmağa başlayıb, nəticədə dollar indeksi (DXY) dəyər itirib. Neft qiymətlərinin dünya bazarında kəskin şəkildə – bəzi göstəricilərə görə 5%-ə yaxın – ucuzlaşması isə enerji böhranı fonunda inflyasiya qorxularını azaldıb və investorların risk iştahını artırıb. Bu vəziyyət Asiya fond bazarlarında və valyuta bazarlarında canlanmaya səbəb olub, region iqtisadiyyatları enerji xərclərinin azalması perspektivi ilə rahat nəfəs alıb. ABŞ prezidenti Donald Trampın razılaşmanın “böyük ölçüdə müzakirə olunduğunu”, lakin yekunlaşdırılması üçün tələsməyəcəklərini bildirməsi, habelə İran rəsmilərinin ehtiyatlı mövqeyi bazarlarda hələ də müəyyən qədər qeyri-müəyyənliyin qaldığını göstərsə də, investorlar bu sülh perspektivini qlobal iqtisadiyyat üçün böyük bir rahatlama kimi dəyərləndirərək müsbət trendi dəstəkləyirlər.




