
Azərbaycan Asiya İnkişaf Bankının (ADB) resurslarından səmərəli istifadəyə görə yuxarı orta gəlirli ölkələr arasında ən yüksək nəticə göstərərək, maliyyənin regional inteqrasiya, özəl sektorun inkişafı, iqlim gündəliyi və rəqəmsal transformasiya layihələrində yüksək təmərküzləşməsini nümayiş etdirib.
BBN.az ADB-nin hesabatına istinadən xəbər verir ki, 2015-2024-cü illərdə Azərbaycan 10 layihə üzrə suveren maliyyələşmə çərçivəsində 2,529 milyard ABŞ dolları alıb.
Bu məbləğin yarıdan çoxu – 51 %-i regional əməkdaşlığın və inteqrasiyanın inkişafına yönəldilib ki, bu da yuxarı orta gəlirli ölkələr arasında ən yüksək göstəricilərdən biridir. Vəsaitlərin 39 %-i özəl sektorun dəstəklənməsinə, 18 %-i iqlimin maliyyələşdirilməsinə, 10 %-i isə rəqəmsal texnologiyalar sahəsindəki layihələrə ayrılıb.
Hesabatda qeyd olunub ki, ADB-nin Azərbaycanın özəl sektorunda həyata keçirdiyi əməliyyatlar iqtisadi inkişaf məqsədlərinə nail olmağa daha da çox fokuslanıb. Qeyd olunan dövr ərzində bank ümumi məbləği 963,9 milyon ABŞ dolları olan 9 qeyri-suveren layihəni təsdiqləyib, bütün maliyyə məbləği özəl sektorun dəstəklənməsinə yönəldilib.
Bununla yanaşı, qeyri-suveren öhdəliklərin 78 %-i regional əməkdaşlıq və inteqrasiya layihələri ilə bağlı olub. ADB-nin məlumatına görə, bu, iqtisadiyyatları tutuşdurulan yuxarı orta gəlirli ölkələr (Upper Middle-Income Countries, UMIC) arasında ən yüksək göstəricidir.




