
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhm indeksləri strategiyası üzrə əldə etdiyi ümumi gəlir 2025-ci ilin sonuna 9,4 milyard ABŞ dollarına çatıb.
Bu barədə Fond “APA-Economics”in sorğusuna cavab olaraq məlumat verib. Bildirilib ki, 2024-cü ildə bu göstərici 6,3 milyard dollar təşkil edib. Beləliklə, təkcə 2025-ci il ərzində ARDNF-in səhm portfeli üzrə gəlirləri 49% artaraq 3,1 milyard dollara yüksəlib. Ümumilikdə isə portfelin yarandığı tarixdən bəri gəlirlilik 330%-ə çatıb.
Məlumata görə, Fondun səhm portfelinin bazar dəyəri də artım nümayiş etdirib. Belə ki, 2024-cü ildə 13,4 milyard dollar olan portfelin həcmi 2025-ci ilin sonunda 16,5 milyard dollara yüksəlib.
Qeyd olunub ki, ARDNF-in səhm investisiyaları əsasən “MSCI World” indeksi üzrə həyata keçirilir. 2025-ci ilin sonuna bu indeks 23 inkişaf etmiş ölkədən 1320 şirkətin səhmlərini əhatə edir. Həmin şirkətlərin ümumi bazar kapitalizasiyası isə bir il ərzində 77 trilyon dollardan 91 trilyon dollara qədər artıb.
Fondun investisiya etdiyi şirkətlərin coğrafi bölgüsündə ABŞ üstünlük təşkil edir – portfelin 72%-i bu ölkənin payına düşür. Yaponiya 5,5%, Böyük Britaniya 3,6%, Kanada isə 3,4% paya malikdir. Digər ölkələrin hər biri üzrə pay 3%-dən azdır.
Sektor bölgüsünə gəldikdə isə, portfelin 27%-i informasiya texnologiyaları, 17%-i maliyyə, 11%-i sənaye, 10%-i qeyri-zəruri istehlak malları, təxminən 9-10%-i isə səhiyyə sektoruna yönəlib.
Fonddan həmçinin bildirilib ki, ARDNF birja ticarəti fondlarına (ETF) və ya müştərək fondlara investisiya etmir. Bunun əvəzinə indeksə daxil olan şirkətlərin səhmləri birbaşa alınır və daha konservativ, yüksək diversifikasiya təmin edən passiv idarəetmə strategiyası tətbiq olunur.




