

2025-ci ilin aprel ayı üzrə Azərbaycanda mobil və sabit genişzolaqlı internetin sürət göstəriciləri açıqlanıb.
BBN.az xəbər verir ki, bu barədə “Ookla” şirkətinin yayımladığı “Speedtest Global Index” hesabatında məlumat yer alıb.
Hesabata əsasən, ötən ay ölkədə mobil internetin median yükləmə sürəti 74,08 Mbit/s təşkil edib. Bu göstərici ilə Azərbaycan 5 pillə geriləyərək 104 ölkə arasında 57-ci yerdə qərarlaşıb.
Sabit genişzolaqlı internet üzrə isə göstəricilər artım dinamikası ilə yadda qalıb. Belə ki, sabit internetin median sürəti 76,87 Mbit/s-ə çataraq Azərbaycanı 5 pillə irəli aparıb. Nəticədə ölkə bu kateqoriyada 155 ölkə arasında 86-cı yerdə qərarlaşıb.
Paytaxt Bakı üzrə statistikalar da hesabatda yer alıb. Mobil internetin median sürəti Bakıda 90,57 Mbit/s olub. Bu göstərici ilə şəhər 3 pillə geriləyərək 150 şəhər arasında 83-cü sırada qərarlaşıb.
Sabit genişzolaqlı internetin sürətinə görə isə Bakı ötən ayla müqayisədə 1 pillə irəliləyib. Median sürət 76,02 Mbit/s təşkil edib və bununla şəhər 200 şəhər arasında 114-cü yerdə qərarlaşıb.