Home » Energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində məqaləsi dərc edilib

Energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində məqaləsi dərc edilib

by ulviyya
0 rəy 9 baxış 15 dəqiqə oxuma

20 Oktyabr Energetiklər Günündə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində “Azərbaycanın enerji tarixinin möhtəşəm 20 ili” adlı məqaləsi dərc olunub. Məqalədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə son 20 ildə energetikada əldə olunmuş nailiyyətlərdən bəhs edilir.

                                                Azərbaycanın enerji tarixinin möhtəşəm 20 ili

Bu il 20 Oktyabr – Energetiklər Günü həm milli dövlətçilik tariximiz, həm də ölkəmiz və region üçün əlamətdar bir dövrə təsadüf edir. Bu il Azərbaycanın bir çox dövlətçilik nailiyyətlərinin, o cümlədən enerji ölkəsi kimi mühüm uğurlarının müəllifi olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyidir. Azərbaycana rəhbərlik etdiyi iki fərqli dövrün hər birində ölkəmizin enerji müstəqilliyinin təmin edilməsi, suveren dövlət kimi öz taleyinin sahibi olması Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas qayəsi idi.

Ümummilli Liderin bütün ideallarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 il ərzində Azərbaycanın nəinki qüdrətli enerji dövləti kimi inkişafına nail oldu, eyni zamanda qətiyyəti, dəmir iradəsi sayəsində ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin edərək ölkəmizin liderliyi ilə regionun geosiyasi mənzərəsini dəyişən yeni tarixi reallıqlar yaratdı. Azərbaycanın “yaşıl enerji” kursunda Qarabağ və Şərqi Zəngəzurun öz yerini tutması, azad edilmiş ərazilərimizin enerji şəbəkəsinin vahid enerji sisteminə inteqrasiyası, ölkəmizin enerji potensialının daha da güclənməsi və enerji təhcizatçısı missiyamızı uğurla davam etdirmək üçün yeni imkanların qazanılması bu reallığın ayrı-ayrı elementləridir.

Bütün bunlar, xüsusilə də dövlətlərin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi qlobal böhran dövründə Azərbaycanın nüfuzunun güclənməsi və sürətlə dəyişən geosiyasi mühitdə beynəlxalq hüququ, ədaləti təmin etməklə Qələbə qazanması, uzunillik münaqişəni tarixdə bənzəri olmayan sonluqla başa çatdırması diqqəti bu naliyyətlərdə həlledici rol oyanmış lider amilinə yönəldir. Bu aspektdə, İlham Əliyev dünyanın müasir tarixinin ən parlaq liderlərindəndir.

2003-cü ildən başlayaraq İlham Əliyevin Prezident və Lider kimi məqsədyönlü fəaliyyəti ölkəmizin enerji strategiyasını keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Bu mərhələdə Ulu Öndərin müəllifi olduğu neft strategiyasının hədəfləri reallaşdı. Azərbaycan neft və qazının dünyaya çatdırılması marşrutları – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum istifadəyə verildi. Dünyanın ən böyük qaz-kondensat yataqlarından olan “Şahdəniz”də hasilat başladı. Azərbaycan 2007-ci ildən qaz idxal edən ölkədən qaz ixracatçısına çevrildi. Ölkədə neft hasilatı 2010-cu ildə pik səviyyəyə-50,8 milyon tona çatdı.

Lakin Azərbaycan Prezidenti bu uğurlarla kifayətlənmədi və böyük uzaqgörənliklə ölkənin neft-qaz sektorunun gələcəyi ilə bağlı öz strateji baxışını irəli sürdü. İmkanlardan maksimum istifadə, fürsətlərin vaxtında və düzgün dəyərləndirilməsi nəticəsində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi növbəti mərhələyə daxil oldu, “Ümid”, “Abşeron”, “Qarabağ” yataqları kəşf olundu, güclü enerji tərəfdaşlıqları quruldu, nəhəng Cənub Qaz Dəhlizi ərsəyə gəldi. Azərbaycan təbii qazının ixrac marşrutları şaxələndirildi, tədarük bazarları region və Avropa ölkələrini əhatə etdi.

Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyətini və geosiyasi çəkisini artıran bu nailiyyətlərin ardıcıllığı və dəqiqliklə zamanlanması məhz Prezident İlham Əliyevin əsl liderə xas strateji baxışına əsaslanır. Yəni, dövlət başçısı özünün də bəyan etdiyi kimi nəyi, necə və nə vaxt etməyi yaxşı bilir, qərarlarını buna uyğunlaşdırmağı məharətlə bacarır, sözünün də imzası qədər dəyərini qoruyur.

Bunun ən bariz nümunələrindən biri Cənub Qaz Dəhlizinin reallaşdırılması və yeni mənbədən – Xəzər dənizində “Şahdəniz” yatağından təbii qazın yeni marşrutla – Trans – Adriatik Boru Kəməri (TAP) ilə Avropa bazarına ən kritik vaxtda daxil olaraq enerji təhlükəsizliyinin təminatında strateji rol oynamasıdır. Bu layihə strateji baxış, dəqiq proqnozlaşdırma ilə yanaşı güclü qətiyyətin məhsuldur. Belə ki, 2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladı. Bu o zaman idi ki, Mərkəzi Asiya və Xəzərdən qazın Avropaya nəqli üçün “Nabucco” layihəsi ətrafında müzakirələr aparılırdı. Amma Azərbaycan genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı oldu. “Nabucco” ideya kimi  qaldığı halda 2014-cü ildə “Şahdəniz” qaz – kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans – Anadolu Boru Kəməri (TANAP) və Trans – Adriatik Boru Kəməri (TAP) layihələrindən ibarət 3500 km uzunluğunda Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Çoxtərəfli əməkdaşlıq formatı Cənub Qaz Dəhlizi Məşvərət Şurası vasitəsilə Azərbaycan Prezidenti layihənin icrasına bilavasitə özü rəhbərlik etdi, qarşıya çıxan çətinlikləri nüfuzu və əzmi ilə yoluna qoydu. TANAP-la Türkiyəyə 2018-ci ilin 30 iyununda, Avropaya isə TAP vasitəsilə 2020-ci ilin 31 dekabrında qaz tədarükünə başlandı. Beləliklə, Cənub Qaz Dəhlizi tam işə düşdü.

Enerji böhranı dövründə Azərbaycan Avropanın enerji təchizatını şaxələndirən ölkə, enerji təhlükəsizliyinin təminatında etibarlı strateji tərəfdaş oldu. 2021-ci ildə Avropaya 8.2 milyard kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il qaz tədarükü 40% artımla mümkün ən yüksək səviyyəyə – 11.4 milyard kubmetrə çatdırıldı. Ümumiyyətlə, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyə 24.3 milyard kubmetr, Avropa isə 28.7 milyard kubmetr Azərbaycan qazı ilə təchiz edilib. Bu il ölkədə qaz hasilatı 48.7 milyard kubmetr, ixrac isə 24 milyard kubmetr proqnozlaşdırılır.

Qaz tədarükü mənbələrinin əhəmiyyətinin təhlükəsizlik amilinə nəzərən müəyyənləşdiyi, diversifikasiyanın önəminin artdığı müasir enerji reallıqlarında Azərbaycanın bu enerji təşəbbüsünün özünü doğrultması ölkəmizlə əməkdaşlığa marağın artmasını və Cənub Qaz Dəhlizinin genişləndirilməsini şərtləndirdi. Təsadüfi deyil ki, Avropa İttifaqı (Aİ) 2022-ci il mayın 18-də qəbul etdiyi “REPowerEU” planında Cənub Qaz Dəhlizinin gücləndirilməsini vurğulamaqla layihənin inkişafına siyasi dəstəyini təsdiqləmiş oldu. İki ay sonra “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması isə bunun məntiqi davamı idi. Sənəd Azərbaycandan təbii qaz tədarükünün iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması ilə yanaşı, bərpa olunan enerjinin istehsalı və ixracı üzrə əməkdaşlığı da əhatə edir ki, bu da enerji təhlükəsizliyində strateji tərəfdaşlığımızın daha çox mənbələr hesabına genişlənməsi və uzunmüddətli olmasında qarşılıqlı maraqlardan xəbər verir. Ötən ilin dekabrında “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq Sazişi”nin, bu ilin aprelində “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nun da Avropa Komissiyasının iştirakı ilə imzalanması göstərir ki, ölkəmizlə bağlı enerji təşəbbüsləri Aİ tərəfindən dəstəklənir və Azərbaycan ümumavropa enerji təchizatçısı kimi qəbul edilir. Bu da ondan irəli gəlir ki, Azərbaycan Prezidentinin təşəbbüsləri bir tərəfdən müasir çağırışlara əsaslanır, digər tərəfdən isə cənab İlham Əliyevin təşəbbüslərində nə qədər haqlı olduğunu tarixin axarı sübuta yetirib. Həmçinin hər kəs fərqindədir ki, onun təşəbbüsləri təkcə Azərbaycanın deyil, bütün tərəflərin mənafelərinə uyğundur və hamının faydasınadır.

Dövlət başçısının enerji təhlükəsizliyi və enerji keçidi ilə bağlı siyasəti dünyada balanslaşdırılmış enerji sisteminə nail olmağın da münasib yoludur. Bu siyasət ondan ibarətdir ki, yaşıl enerji keçidi sürətləndirilməlidir. Eyni zamanda, qlobal enerji istehlakının hazırda təxminən 55%-ni təşkil edən neft-qaz mənbələri inkişaf etdirilməlidir. Çünki qısa müddətdə neft-qazdan istifadəyə son verməklə enerji təhlükəsizliyi, əlçatanlıq və davamlılıq arasında balansı təmin etmək mümkün görünmür. Ona görə də bu gün ölkəmizdə ənənəvi və bərpa olunan enerji mənbələri paralel inkişaf etdirilir və bu siyasət, enerji təchizatında dayanıqlılığı və enerji resurlarımıza olan ehtiyacları qarşılamağı təmin edir. Bu xüsusda, iyulda  istismara verilən, indiyədək 453 milyon kubmetr qaz və 171 min ton kondensatın hasil edildiyi Abşeron yatağı, həmçinin işlənmədə olan Qarabağ, Ümid (Mərhələ-II), Babək və Azəri-Çıraq-Günəşli Dərin Qaz layihələrini xüsusi qeyd etməliyik. Hazırda Avropanın 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümümi tələbatı illik 30 milyard kubmetrdən çoxdur və bu layihələr əlavə tədarükün mühüm mənbələri qismindədir. Neft-qaz sektoruna investisiyaların azaldığı bir dövrdə həm qaz yataqlarının işlənilməsi, həm də gələn il “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə “Azəri Mərkəzi-Şərqi”də hasilata başlanması məhz uzaqgörən siyasətin töhfələridir. 2024-cü il 30 illik müqavilənin bitmə və XXI əsrin müqaviləsinin işə düşmə tarixidir. Bu cür planlama, “Əsrin müqaviləsi”nin uzadılmasına doğru vaxtda qərar verilməsi bir daha göstərir ki, cənab İlham Əliyev həmişə dəyişiklikləri hazırlıqlı qarşılayır.

Enerji ilə regional və qlobal əməkdaşlıq mühitinin yaradılması, xüsusilə, Prezident İlham Əliyevin enerji siyasətində əsas xətlərdən biridir. Hazırda Aİ ilə Yüksəviyyəli Enerji  Dialoqu həyata keçirilir. Həmçinin Azərbaycan 7 ildir ki, neft bazarının tənzimləməsinin çevik və səmərəli əməkdaşlıq  formatı olan “OPEC plus”da təmsil olunur. Azərbaycan Prezidentinin irəli sürdüyü OPEC və qeyri-OPEC ölkələrinin bu əməkdaşlıq modeli vasitəsilə ölkəmiz neft bazarında tarazlığa, qiymət sabitliyinə və neft sənayesinin inkişafına davamlı töhfələr verir.

Azərbaycanın qlobal çağırışlara və müasir inkişaf meyillərinə uyğun enerji gələcəyində və dünyanın enerji təhlükəsizliyi sistemində elektrik enerjisi ixrac edən ölkə kimi yer tutmasında mühüm rol məhz elektroenergetika sektoruna məxsusdur. “Azərbaycanın çox güclü energetika potensialı olacaqdır” – deyən dövlət başçısı bu sahənin inkişafına ilk vaxtlardan yüksək diqqət yetirdi. Bu aspektdə, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və digər strateji sənədlərin elektroenergerika sistemimizə böyük töhfələri oldu. 20 il ərzində ümumi gücü 4000 MVt-a yaxın 71 elektrik stansiyasının inşası ilə ölkəmizin enerji sisteminin qoyuluş gücü 8002 MVt-a yüksəldi. Xüsusilə, 2006-2008-ci illərdə, qısa müddətdə 856 MVt gücündə 7 modul tipli elektrik stansiyasının istismara verilməsi ölkənin elektrik enerjisi ilə təminatında vacib əhəmiyyətli hadisə idi. Sonra 525 MVt gücündə “Sumqayıt” ES, 780 MVt gücündə “Cənub” ES,  gücü 800 MVt-a çatdırılan “Şimal” ES, 385 MVt-lıq Qobu ES, habelə dövlət başçısının göstərişi əsasında davamlı həyata keçirilən yenidənqurma tədbirləri enerji təchizatında dayanıqlılığı təmin etdi. Hazırda ölkəmizdə 78 stansiya fəaliyyət göstərir: bunlardan 22-i istilik elektrik stansiyası, 39-u su, 5-i külək, 8-i günəş enerjisi ilə işləyən stansiyalardır. Həmçinin 3 hibrid elektrik stansiya və 1 bioenerji elektrik stansiyası fəaliyyətdədir. Azərbaycan Prezidentinin elektronergetika infrastrukturunun qurulması və modernləşdirilməsi ilə bağlı ardıcıl siyasəti Mingəçevirin elektroenergetika mərkəzi kimi önəmini artıran yeni nailiyyətlərə yol açıb. Hazırda Mingəçevirdə müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyası inşa olunur. 2025-ci ilə planlaşdırılan 1280 MVt-lıq yeni stansiya və “Azərbaycan” İES-in 7 və 8-ci bloklarının əlaqələndirilməsi nəticəsində ümumi güc 1880 MVt-a çatacaq, ildə 800 milyon kubmetr qaza qənaət olunacaq.

20 il ərzində generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edildi. Belə ki, hazırda ümumi gücü 29 256.5 MVA olan 110-500 kV-luq 368 yarımstansiya istismardadır. Həmçinin Gürcüstan, Rusiya, İran və Türkiyə ilə enerji sistemlərinin əlaqələndirilməsi sayəsində elektrik enerjisi mübadiləsi və ticarəti həyata keçirilir. Bütün bunların nəticəsi olaraq ölkəmizdə elektrik enerjisinin istehsalı 2003-cü illə müqayisədə 37% artaraq ötən il 29004.3 mln. kVt·st oldu. Son 20 ildə elektrik enerjisinin idxalı 17 dəfə azaldı, ixracı isə 3 dəfədən çox artdı. Elektrik enerjinin ixracı 2022-ci ildə 2997.5 mln. kVt·st olub ki, bu da 2003-cü illə müqayisədə 2126.8 mln. kVt·st çoxdur. Həmçinin idxal 2003-cü ildəki 2436.3 mln. kVt·st-lıq göstəricidən ötən il 137.2 mln. kVt·st-a qədər azaldı. 2023-cü ilin sonuna 29 mlrd. kVt·st-dan çox  elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Elektroenergetika sisteminin bu cür inkişaf dinamikası da təsdiqləyir ki, Azərbaycan Prezidentinin verdiyi sözlər, qarşıya qoyduğu hədəflər mütləq reallaşır. Dövlət başçısı yeniliklərə çevik reaksiyası ilə də inkişaf proseslərinin önündə addımlayan, əhəmiyyətli dəyişikliklər yaradan və bu dəyişiklikləri düzgün yönəldən liderdir. Bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, Xəzəri “yaşıl enerji mərkəzi”nə, Qarabağ – Şərqi Zəngəzur və Naxçıvanı “yaşıl enerji zonası”na, Azərbaycanı isə “yaşıl enerji”nin təchizatçısına çevirməklə bağlı strateji hədəflər məhz yenilikçi, müasir yanaşmalara əsaslanan liderliyin təzahürləridir. Təsadüfi deyil ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş prioritetdən biri kimi müəyyənləşdirilib və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “yaşıl enerji məkanı” məqsədi üzrə mühüm tədbirlər təsbit edilib. Buradan da göründüyü kimi, Azərbaycanda bərpa olunan enerji mənbələrindən geniş istifadə ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı deyil. Az karbonlu enerji sistemi, dayanıqlı gələcək qurmaq və xaricdə enerji gücümüzə olan tələbatı ödəmək məqsədi daşıyır.

2020-ci ildə Səudiyyə Ərəbistanın “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 230 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrlə başlayan “yaşıl enerji” tərəfdaşlığımızın miqyası qısa müddətdə genişləndi. Az bir vaxtda “Masdar”, “ACWA Power”, bp, “Fortescue Future Industries”, China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 QVt-dan çox layihələrə dair əməkdaşlıq sənədlərinin imzalanması məhz Azərbaycan Prezidentinin “yaşıl enerji” kursuna beynəlxalq marağın, ölkəmizin yaşıl gələcəyinə olan inamın göstəricisidir.

“Yaşıl enerji” planları artıq real nəticələrə çevrilir. Yaxın günlərdə regionun ən böyük günəş elektrik stansiyası istismara veriləcək. 230 MVt gücündə “Qaradağ” GES ölkəmizdə 225 milyon dollar məbləğində xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır. Bu stansiya sayəsində enerji balansımıza ildə 500 mln. kVt·saat yaşıl enerji daxil olacaq. Həmçinin “Masdar” ilə quruda 1 QVt gücündə günəş və 1 QVt gücündə külək, dənizdə isə ilkin olaraq 2 QVt, növbəti mərhələdə 4 QVt gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqavilələrinə uyğun olaraq torpaq sahələri və dənizdə potensial ərazilər müəyyənləşdirilir. Bu çərçivədə Neftçalada 390 MVt-lıq günəş, Biləsuvarda 445 MVt günəş və Qobustanda 200-300 MVt gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. 240 MVt gücündə “Xızı-Abşeron” KES-in isə 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlər davam etdirilməkdədir. “ACWA Power” şirkəti ilə dənizdə və quruda ümumi gücü 2,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra müqavilələri çərçivəsində ötən ay Batareya Enerji Saxlama Sistemi və quruda 200 MVt külək layihələri üzrə Yol Xəritəsi imzalandı. Cəbrayılda bp tərəfindən gələn il 240 MVt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq. Həmçinin Cəbrayılda “Nobel Energy”, Füzulidə isə Çin şirkəti ilə günəş elektrik stansiyalarının tikintisi üçün hazırda ərazilər razılaşdırılır. Naxçıvanda “Nobel Energy”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri tərəfindən ümumi gücü 1,150 MVt olan günəş elektrik stansiyalarının inşası məqsədilə ərazilərin seçilməsi və razılaşdırılması prosesi davam edir. Bundan başqa, Böyükşor gölündə 100 kVt gücündə pilot layihə üzrə ölkəmizdə ilk üzən günəş stansiyası quraşdırılıb, tezliklə şəbəkəyə qoşulacaq. Ümumən, mərhələli şəkildə 2030-cu ilədək 7 QVt həcmində istehsal güclərinin yaradılması planlaşdırılır. İxrac tələblərindən asılı olaraq 2037-ci ilə qədər bu həcmlər əhəmiyyətli dərəcədə arta bilər.

2027-cı ilin sonunadək 1862 MVt həcmində “yaşıl güclər”in ölkənin enerji sisteminə inteqrasiyasını təmin etmək üçün elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi üzrə Dövlət Proqramının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, 2030-cu ilədək “Xəzər-Aİ yaşıl enerji dəhlizi” və Azərbaycan-Türkiyə-Avropa dəhlizini yaratmaq və şaxələndirilmiş marşrutlarla təxminən 5 QVt həcmində yaşıl elektrik enerjisi ixrac etmək məqsədilə intensiv işlər görülür. Xəzər dənizindən başlayan Azərbaycan, Gürcüstan, Qara dənizdən keçməklə Rumıniya, Macarıstanı əhatə edən və Bolqarıstanın da qoşulduğu dəhlizin texniki iqtisadi əsaslandırması və Birgə Müəssisənin yaradılması istiqamətində müvafiq addımlar atılır. Həmçinin Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkmənistan arasında elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, burdan Avropaya ixracı təşəbbüsü dəyərləndirilir. Bu yaxınlarda Azərbaycanda və Türkiyədə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi, Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrası ilə bağlı imzalanmış sənədlər, eləcə də Muxtar Respublikada enerji şirkətləri ilə əsasən ixracyönümlü razılaşmalar digər bir ixrac marşrutu üzrə görülən tədbirlərdir. Həm bu dəhlizlər, həm də “Cəbrayıl” enerji qovşağı sayəsində elektrik enerjisinin Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi perspektivi Azərbaycan Prezidentinin böyük strateji vizyonunun və onun reallaşması üçün məqsədyönlü fəaliyyətinin təcəssümüdür. Burada cənab İlham Əliyevin daha bir müdrik yanaşmasına şahid oluruq. Bu da ondan ibarətdir ki, enerji resurslarının işlənilməsi və dünya bazarlarına çıxarılması vəhdətdə həyata keçirilməlidir. Məhz bu cür yanaşma sayəsində Avrasiyada enerji xəritəsi Azərbaycan vasitəsilə davamlı tərtib edilməkdədir.

Möhtərəm Prezident ərazi bütövlüyümüzü misilsiz bir şəkildə təmin etmiş Müzəffər Sərkərdə kimi, azad edilmiş bölgələrimizin dirçəlişinin, reinteqrasiyasının da unikal nümunəsini yaradan qurucu liderdir. Qarabağ və Şərqi Zəngəzurun modern quruculuq modelinə, xalis sıfır emissiyalı “Yaşıl Enerji Zonası” Konsepsiyasına əsaslanan sürətli və genişmiqyaslı bərpası buna bir sübutdur. Azərbaycanın gücünü ifadə edən bu nəhəng inkişaf prosesində bütün bölgənin enerji ilə təminatı məqsədilə qısa müddətdə 1157 km-dən artıq müxtəlif gərginlikli elektrik verilişi xətti çəkildi, 20 yarımstansiya, ümumi gücü 75 MVt olan 13 stansiya bərpa edilərək istifadəyə verildi. 119 MVt gücündə 13 stansiyada isə hazırda tikinti işləri aparılır. Həmçinin Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları inşa olundu, 140 MVt gücündə su elektrik stansiyalarının tikilib istismara verilməsi üçün işlər davam etdirilir. Hələ 2016-cı ildə bu layihələr üzrə Sazişin imzalanması əsl strateqlərin ata biləcəyi addım idi və Azərbaycan Prezidentinin bu cür düşünülmüş, qəti addımları ölkəmizi Böyük Zəfər və İnkişaf Yoluna gətirib çıxardı. Xankəndinin öz enerji sistemimizə qoşulması, ərazilərimizin Şuşa yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təmin olunması elektronergetika tariximizin qürurverici hadisələridir.

Məlum olduğu kimi, “yaşıl enerji” zonasının yaradılması ilə bağlı 2022-2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpa olunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir. Bu çərçivədə azad olunmuş ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2300-ə yaxın LED lampalarla təchiz olunmuş və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayancaqlar, elektrik doldurma məntəqələri quraşdırılıb. Bunlar davamlı proseslərdir və bütün səylərimiz bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş ərazilərimizi enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub. Dövlət başçısının vurğuladığı kimi, Qarabağ və Zəngəzuru dünyanın qibtə edəcəyi şəkildə qurmalıyıq.

İlham Əliyev islahatçı liderdir. Məhz onun mütərəqqi beynəlxalq təcrübə və müasir yanaşmaları nəzərə alan islahat xarakterli strateji qərarları və qarşıya qoyduğu hədəflər energetika sektorunda əsaslı dəyişikliklərə yol açdı. Elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar, istehlakçılar arasında münasibətləri tənzimləyən, xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaqla əlçatanlığını təmin edən idarəçilik prinsiplərinin tətbiqinə başlandı. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, habelə üç mərhələdə elektrik enerjisi bazarına keçidi təmin edəcək “Elektroenergetika haqqında” qanunlar qəbul edildi. İlk dəfə olaraq bərpa olunan enerji sahəsinin xarici investisiya əsasında inkişafı gerçəkləşdi. Hərracların keçirilməsinə və əhalinin bərpa olunan enerjinin istehsalçısı olmasına imkan yaradan “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi”, “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi” kimi bir sıra mütərəqqi qaydalar, enerji səmərəliliyi ilə bağlı hazırlanmış 14 alt qanunvericilik aktından 10-u qəbul olundu. Hazırda müzakirə və razılaşdırılma mərhələlərində olan “Energetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanunların qəbulu perspektivi, həmçinin istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar kompleks tədbirlər də bütün bunlarla birlikdə tərəqqi və rifaha xidmət edəcəkdir.

Beləliklə, cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ilin hər bir nailiyyəti dövlətimizin gələcək taleyini ona əminliklə etibar etmiş Ümummilli Lider Heydər Əliyevin və xalqımızın bu inamının təntənəsidir. Azərbayan Prezidenti o gələcəyin 20 ilində böyük bir inkişaf tarixi yaratdı. Azərbaycan energetikləri olaraq biz də bu tarixin bir parçası olmağımızla qürur duyuruq!

                                                                               Pərviz Şahbazov

                                                Azərbaycan Respublikasının energetika naziri

https://www.azerbaijan-news.az/uploads/documents/pdf/1-12pdf-1697750563.pdf

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.