
Bağlantıların gücləndirilməsi, enerji və ticarət dəhlizlərinin inkişafı ilə bağlı təşəbbüslər Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və əməkdaşlıq potensialının genişləndirilməsi baxımından yeni imkanlar açır.
Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, enerji və ticarət dəhlizlərinin inkişafına yönəlmiş təşəbbüslər Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi hesabına əlavə potensial yaradır.
“Bu potensialın reallaşdırılması üçün ticarətin şaxələndirilməsinə və iqtisadiyyatda özəl sektorun rolunun gücləndirilməsinə yönəlmiş islahatlar davam etdirilməlidir”, – C.Azur qeyd edib.
IMF rəsmisi əlavə edib ki, dövlət müəssisələrinin səmərəliliyinin artırılması istiqamətində görülən tədbirlər düzgün istiqamətdə atılan addımlardır.
Cihad Azur həmçinin vurğulayıb ki, regionda geosiyasi vəziyyətin yaxşılaşması inteqrasiya proseslərinin genişləndirilməsi və sürətləndirilməsi üçün əlavə imkanlar yaradır, xüsusilə də Orta Dəhlizin potensialının inkişafı baxımından bu, böyük əhəmiyyət daşıyır.







