
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsində olan “Azər-Türk Bank” ASC, “Azəralüminium” MMC və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2026-cı ilin ilk yarısını mühüm artım göstəriciləri ilə başa vurub.
BBN.az xəbər verir ki, hesabat dövründə “Azər-Türk Bank”ın xalis mənfəəti 50% artaraq 10,3 milyon manata, “Azəralüminium”un məhsul ixracı 46% artaraq 98 milyon ABŞ dollarını ötüb. “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixrac həcmi isə illik müqayisədə 75,26% artaraq 34 milyon ABŞ dollarına çatıb.
Azər-Türk Bankın aktivləri 2 milyard manatı ötüb
2026-cı ilin ilk altı ayında bankın əməliyyat mənfəəti 30% artaraq 15,3 milyon manat təşkil edib. Dövrün sonunda aktivlər 2 milyard manatı, kredit portfeli 828 milyon manatı, depozit portfeli isə 1,5 milyard manatı ötüb.
Bankın kapitalı isə 14,5 milyon manat artaraq 128,5 milyon manata yüksəlib.
Azəralüminiumun gəlirləri 165 milyon manatı keçib
“Azəralüminium”un gəlirləri ilk yarıda 41% artaraq 165 milyon manatdan çox olub. Şirkətin EBITDA göstəricisi 41 milyon manat, mənfəətlilik göstəricisi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 151% çox təşkil edib.
Şirkət istehsal etdiyi məhsulların 95%-dən çoxunu xarici bazarlara göndərib və dövlətə məxsus qeyri-neft ixracatçıları arasında ilk dördlükdə yer alıb.
Mövcud proqnozlara görə, şirkətin 2026-cı ilin sonunda gəlirlərinin 300 milyon manatı ötəcəyi gözlənilir.
Azərpambığın ixracı 75% artıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixrac həcmi ilin ilk yarısında 34 milyon ABŞ dollarına çatıb. Şirkət dövlət müəssisələri arasında qeyri-neft ixracının həcminə görə ilk beşlikdə qərarlaşıb.
Beyləqan Pambıq İstehsalı və Emalı Zavodunda aparılan modernləşdirmə nəticəsində istehsal olunan mahlıcın keyfiyyət göstəricilərinin 50%-dən çox yaxşılaşdığı bildirilib. Hazırda Biləsuvar zavodunda da modernizasiya işləri davam etdirilir.
Cəmiyyətin fəaliyyəti təxminən 3 min əməkdaşı və 3 152 fermeri əhatə edir. 2025-ci ildə müəssisə tərəfindən 79 min tondan çox xam pambıq tədarük olunub.
AİH bildirir ki, qarşıdakı dövrdə portfel şirkətlərində əməliyyat və maliyyə səmərəliliyinin artırılması, istehsalın modernləşdirilməsi, yüksək əlavə dəyərli məhsulların payının genişləndirilməsi və ixrac bazarlarının şaxələndirilməsi əsas prioritetlərdən olacaq.





