
Texnoloji nəhəng “Alphabet” süni intellekt və bulud texnologiyalarına yönələcək yeni sərmayələri maliyyələşdirmək məqsədilə böyük həcmli istiqraz buraxılışı həyata keçirib.
BBN.az xəbər verir ki, şirkət Avropada 6,5 milyard avro (təxminən 7,48 milyard dollar) və ABŞ-da 17,5 milyard dollar dəyərində istiqrazlar təklif edib.
ABŞ istiqrazları üç ildən 50 ilə qədər olan səkkiz tranş üzrə yerləşdirilib. Ən uzunmüddətli istiqraz ABŞ Xəzinədarlıq istiqrazlarından 1 faiz bəndi yüksək gəlir təqdim edib. Emissiyaya isə ümumilikdə 90 milyard dollara yaxın tələb formalaşıb.
Analitiklərin sözlərinə görə, süni intellekt sahəsində rəqabətin kəskinləşməsi fonunda aparıcı texnologiya şirkətləri məlumat mərkəzlərinin genişləndirilməsinə və hesablama gücünün artırılmasına milyardlarla dollar yönəldirlər.
“Alphabet”in bu addımı həm də şirkətin uzunmüddətli kapital xərclərini aşağı faizlə maliyyələşdirməyə və artan texnoloji tələbat fonunda rəqabət qabiliyyətini qorumağa imkan verəcək.







