
İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Azərbaycan tərəfi arasında ümumi dəyəri 295 milyon ABŞ dolları olan bir sıra saziş və sənədlərin mübadiləsi həyata keçirilib.
Tədbir çərçivəsində ICD ilə SOCAR arasında Azərbaycanda maliyyələşdirmə, investisiya və konsaltinq imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair saziş imzalanıb.
Bununla yanaşı, ICD ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında 200 milyon manat məbləğində saziş bağlanıb. Sənəd ölkədə meyarlara uyğun özəl sektor şirkətlərinin maliyyələşdirilməsi məqsədilə maliyyə institutlarına milli valyutada kredit xətlərinin təqdim olunması üzrə əməkdaşlıq çərçivəsini müəyyən edir.
Tədbirdə həmçinin ICD ilə Turkic Investment Fund arasında 50 milyon ABŞ dolları məbləğində çərçivə sazişi, ICD ilə Azerconnect Group arasında 20 milyon ABŞ dolları həcmində birbaşa maliyyələşdirmə xəttinin təqdim olunmasına dair sənəd və ICD ilə TuranBank arasında 15 milyon ABŞ dolları məbləğində kredit xəttinin ayrılmasına dair razılaşma mübadilə olunub.
Qeyd edilib ki, TuranBanka ayrılacaq kredit xətti ICD tərəfindən təqdim ediləcək və sonradan Azərbaycanda fəaliyyət göstərən uyğun özəl sektor şirkətlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Bundan əlavə, International Islamic Trade Finance Corporation ilə Rabitabank arasında 10 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə şərtlərini əks etdirən məktubun (Term Sheet) mübadiləsi də baş tutub.
Məlumata görə, imzalanan və mübadilə edilən sənədlərin ümumi dəyəri 295 milyon ABŞ dolları təşkil edir.





